Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib. Oktyabrın 12-də başlayan virtual konqresə video vasitəsilə qatılan dövlət başçısı deyib ki, 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda keçiriləcək: “Azərbaycan bir dəfə – 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. 50 ildən sonra – 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna daşıyacaq.
1973-cü ildə Azərbaycan müstəqil deyildi, Sovet İttifaqının tərkibində, Sovet İttifaqının 15 respublikasından biri idi. Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra konqresin bizim şəhərimizə – lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək.
Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur.
Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir.
Bu gün Azərbaycan kosmik klubun üzvüdür və 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək”.
AZƏRTAC-ın arayışına görə, Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci konqres koronavirus pandemiyası səbəbindən növbəti ilə keçirilib. Lakin 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyası konqresi oktyabrın 12-14-də virtual formatda keçirir.
Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.