Tacikistanda oktyabrın 11-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası beş namizədin qatıldığı marafonda dövlət başçısı, Xalq Demokrat Partiyasının lideri İmaməli Rəhmanın 90,9% səslə önə çıxdığını bəyan edib.
İmaməli Rəhman 1952-ci il oktyabrın 5-də doğulub. İqtisadiyyat üzrə ali təhsili var.
1992-ci il noyabrın 19-da Tacikistan parlamentinin sədri postuna gətirilən İmaməli Rəhman həmin gündən dövlət başçısıdır. 1994-cü ildə 5 il müddətinə, 1999, 2006, 2013-cü illərdə 7 il müddətinə prezident seçilib.
1999-cu ildə İmaməli Rəhmana Tacikistan Qəhrəmanı fəxri adı, 2015-ci ildə Millətin Lideri statusu verilib.
2016-cı ildə İmaməli Rəhman qeyri-məhdud sayda prezident seçilmək hüququ alıb.
İmaməli Rəhmanın 1987-ci il təvəllüdlü oğlu Rüstəm İmaməli 2017-ci ildən paytaxt Düşənbənin meridir.