Nazirlər Kabineti icbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənməsinə nəzarət qaydasını təsdiqləyib. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Novator.az bildirir ki, qaydaya əsasən, sığortaolunanlara münasibətdə sığorta haqqının hesablanmasına və ödənməsinə nəzarəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) vasitəsilə həyata keçirir.
Sığortaolunanlar üzrə illik sığorta haqqının dərəcəsi minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirilir və sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənir.
Sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.
Sığorta haqları ödənmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir (ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla).
Azərbaycanda icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı belədir:
Naxçıvan Muxtar Respublikası, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonları – 2020-ci ilin yanvarından;
Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları – 2021-ci ilin yanvarından;
Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları – 2021-ci ilin aprelindən.
Nazirlər Kabinetinin qərarına görə, sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq belə müəyyən edilir: icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat; 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi; aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.