Prezident İlham Əliyev Dağlıq Qarabağ bölgəsindəki Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb.
Novator.az bildirir ki, Azərbaycan parlamenti 1991-ci ildə Mardakert rayonunu Ağdərə rayonu adlandırıb. 1992-ci ildə Ağdərə rayonu ləğv olunaraq Ağdam, Kəlbəcər, Tərtər rayonları arasında bölüşdürülüb.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir. Cəbrayıl şəhəri və onun bir çox kəndi, Füzuli rayonunun və keçmiş Ağdərə rayonunun bəzi kəndləri, bir çox strateji yüksəklik, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Tərtər rayonunun tərkibindəki Madagiz kəndi oktyabrın 3-də Azərbaycan Ordusunun nəzarətinə keçib.