Qırğızıstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 4-də keçirilmiş parlament seçkisinin nəticələrini etibarsız sayıb. Novator.az-ın məlumatına görə, qərar oktyabrın 6-da qəbul olunub.
4 oktyabr seçkisinə qatılan 16 siyasi partiyadan 4-ü 7 faizlik səs baryerini keçərək qanunverici orqanda təmsil olunmaq imkanı əldə edib: Birimdik Partiyası, Məkanım Qırğızıstan Partiyası, Qırğızıstan Partiyası, Bütün Qırğızıstan Partiyası.
Parlament seçkisinin nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən paytaxt Bişkekdə etiraz aksiyası keçirir, seçkinin nəticələrinin ləğvi və təkrar səsvermə tələbləri qoyur.
Ötən gün axşam aksiyaçılarla hüquq mühafizə təmsilçiləri toqquşub, yüzlərlə şəxs xəsarət alıb, bir nəfər ölüb.
Aksiyaçılar dünən axşam parlamentin və Prezident Administrasiyasının yerləşdiyi binanı, oktyabrın 6-na keçən gecə hökumət evini, Bişkek meriyasını ələ keçiriblər. Onlar həmçinin Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanan sabiq prezident Almazbek Atambayevi həbsdən buraxdırıblar.