Prezident İlham Əliyev oktyabrın 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan İlham Əliyev deyib: “Bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır.
Əziz qardaşım, hörmətli prezident Rəcəb Teyyub Ərdoğanla bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda Qafqaz bölgəsində. Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir.
Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaq”.
Mövlud Çavuşoğlu deyib ki, Türkiyənin, türk xalqının Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün gəlib: “Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü var, potensialı var. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq.
Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu nəzərdə tutur – red.), xaricdəki bütün səfirliklərimizlə – Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.