Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib.
Məlumatı ölkə prezidenti, ali baş komandan İlham Əliyev özünün rəsmi “Tvitter” səhifəsində yayıb.
Dövlət başçısı məlumatı “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözləri ilə bitirib.
Həmin gün İlham Əliyev Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib, təbrikləri korpusların bütün şəxsi heyətinə çatdırmağı tapşırıb.
Mayis Bərxudarov və Hikmət Mirzəyev prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir.
Füzuli, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər, o cümlədən Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri, keçmiş Ağdərə rayonunun Talış, Suqovuşan kəndləri azad edilib.
Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin azad edildiyi 4 oktyabr tarixinədək rayonun Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri azad olunub.