Prezident İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərə hücum edib: “Mülki şəxslərimiz bu hücumdan əziyyət çəkib. Mülki şəxslərimiz arasında qurbanlar var. Bu səhərə olan məlumata əsasən, 22 mülki şəxs öldürülüb və 73-ü yaralanıb. Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olub. Biz əks-hücuma başladıq və bu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistanın atəş mövqelərini susdura bildik. Biz ərazilərin bir qismini, bir neçə kəndi azad edə bildik və bu gün biz 27 il Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini azad etdik. Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik.
Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil”.
Dövlət başçısı Qarabağ probleminin həlli üçün danışıqlara hazır olduğunu vurğulayıb: “Lakin danışıqların məğzi olmalıdır. Ermənistanın “Qarabağ Ermənistandır” deməsi, – onların baş naziri bunu söyləyib, – münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünki həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk qrupu – onlar danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar və regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv edir. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. O, danışıqlar prosesini məhv edir. Ona görə mən hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.