Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.
Novator.az-ın məlumatına görə, dövlət başçısı “Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi” sualını belə cavablandırıb: “Əslində, danışıqlar dayanıb. Çünki onun “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi.
Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupunda hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur”.
Bir neçə ay öncə Nikol Paşinyanın Azərbaycan qarşısında yeddi ilkin şərt irəli sürdüyünü xatırladan və bunu növbəti təxribat kimi qiymətləndirən prezident İlham Əliyev deyib: “Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o, danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi.
Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyil. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq.
Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.
Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz.
Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdi. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı.
Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, – mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, – buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına baxarıq”.
Azərbaycanla Ermənistan arasında danışıqlara vasitəçilik edən, ATƏT-n Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın missiyasından danışarkən prezident İlham Əliyev bildirib ki, həmin üç ölkə birlikdə işləməyə davam etməlidir. Amma Azərbaycanın dövlət başçısı həmsədrlərin hamısının neytrallığı qorumasının mühüm olduğunu vurğulayıb: “Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda biz vasitəçiliyi qəbul etməyəcəyik”.
Rəsmi Bakının beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına göz yummadığını söyləyən dövlət başçısı daha sonra əlavə edib: “Lakin atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Biz özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavab verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur”.
Prezident İlham Əliyev bildirib ki, işğalçılar kəndlərə, insanlara hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər: “Onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilərin təsdiqlədiyi ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik”.
Hazırda Azərbaycan Ordusunun cəbhədə irəliləyişə nail olduğunu, xüsusilə Füzuli rayonu ətrafında bəzi kəndləri geri aldığını qeyd edən “Əl-Cəzirə”nin jurnalisti soruşub: “Bu o deməkdir ki, Azərbaycan geri qaytardığı həmin ərazilərdən geri çəkilməyə hazırlaşmır?” Prezident İlham Əliyev suala belə cavab verib: “Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların əsrlər boyu yaşadığı ərazilərdir və onlar işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq.
Mən sizə 2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsində əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri dağıdılmışdı və azərbaycanlılar geri qayıda bilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Biz qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq.
Geri qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırımı törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq”.
Rusların, iranlıların, türklərin, fransızların, amerikalıların münaqişə ilə bağlı narahatlıq ifadə etdiklərini bildirən jurnalistin “Bu münaqişə nə vaxtsa regional ola bilərmi” sualını Azərbaycanın dövlət başçısı belə cavablandırıb: “Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin eyni zamanda onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil. Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu, 1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışı səbəbindən həmin qrupda yeri olmazdı.
Beləliklə, biz xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistana xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə, biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və sair və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.
“Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün yeganə həll müharibədir?” Bu suala prezident İlham Əliyevin cavabı belə olub: “Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, – əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, – diplomatiya işləyə bilər. Yeri gəlmişkən, Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz danışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var”.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər azad edilib.
Minsk qrupuna həmsədrlik edən Rusiya, Fransa, ABŞ-ın prezidentləri Vladimir Putin, Emmanuel Makron və Donald Tramp oktyabrın 1-də Azərbaycan və Ermənistana çağırış ediblər. Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında gücün eskalasiyası ən qəti şəkildə qınanır, tərəflər hərbi əməliyyatları dərhal dayandırmağa çağırılır.
Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan rəhbərləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etmək öhdəliyi götürməlidir.