Siyasətçi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin atəşkəs çağırışına münasibət bildirib. O qeyd edib ki, beynəlxalq birlik və böyük dövlətlər öncə özlərinə hesabat verməlidir: “26 ildir atəşkəs uzanır, bu müddətdə beynəlxalq birlik Qarabağ konfliktinin həlli istiqamətində hər hansı real nəticəyə nail olubmu? Bu real nəticəyə nail olmaq üçün gərəkli siyasi iradəni, təsiri ortaya qoyubmu?
Minsk qrupunun həmsədri olan dövlətlərin hər biri özünün maraqlarına toxunduğu istənilən məqamda sərt, hətta hərbi müdaxiləyə qədər addımlar ataraq problemləri həll etməyə çalışırlar. Ancaq bizim bölgədə Azərbaycanın haqqının pozulmasına 26 ildə prinsipial mövqe bildirilməyib.
İndi də işğalçıya və təcavüzə məruz qalan Azərbaycana eyni mesajları yönəldirlər. Halbuki heç olmasa indi gerçəkləri söyləməliydilər və konfliktin ədalətli, beynəlxalq normalara uyğun həlli istiqamətində mövqe ortaya qoymalıydılar. Amma həmin mövqe ortaya qoyulmayıb”.
İsa Qəmbər hesab edir ki, indiki mərhələdə Azərbaycan dövləti bir dövlət olaraq üzərinə düşəni həyata keçirir, öz torpaqlarını işğaldan azad etməklə məşğuldur: “Bu proses davam etməlidir”.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər azad edilib.
Minsk qrupuna həmsədrlik edən Rusiya, Fransa, ABŞ-ın prezidentləri Vladimir Putin, Emmanuel Makron və Donald Tramp oktyabrın 1-də Azərbaycan və Ermənistana çağırış ediblər. Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında gücün eskalasiyası ən qəti şəkildə qınanır, tərəflər hərbi əməliyyatları dərhal dayandırmağa çağırılır.
Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan rəhbərləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etmək öhdəliyi götürməlidir.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi