Müsavat Partiyasının başqanı Arif Hacılı cəbhədəki qanlı döyüşlər dövründə təbliğat və informasiya işini yaxşılaşdırmaq üçün təklif və tövsiyələr açıqlayıb. Novator.az-ın məlumatına görə, o, xarici işlər nazirini Türkiyə, Ukrayna, Pakistan, İsrail və Moldovanın Azərbaycandakı səfirləri ilə görüşməyə; həmçinin Rusiya, ABŞ və Fransanın səfirləri ilə bir araya gəlməyə çağırır.
Arif Hacılı Azərbaycanın Rusiyadakı səfirini dərhal dəyişdirməyə və ya onun çevik, səmərəli fəaliyyətini təmin etmək üçün konkret təlimatlar göndərməyə səsləyir (2006-cı ildən Rusiyada səfir postunu Polad Bülbüloğlu tutur).
Müsavat başqanı bu təklifləri də verir:
– Rusiya və digər ölkələrdə Azərbaycan diasporunun səmərəli fəaliyyətinin təşkil edilməsi və koordinasiyası üçün təcili tədbirlər görülsün;
– İran səfirindən bu ölkədən Ermənistana hərbi texnikanın keçirilməsi, İran hərbi texnikasının sərhədimizə toplanması barədə yayılan məlumatlarla bağlı izahat tələb edilsin;
– döyüş bölgəsindəki vəziyyətə dair bilgiləri, xüsusilə izahat və təhlil tələb edən məlumatları yalnız təcrübəli dövlət xadimləri yaysın;
– Azərbaycana qarşı qərəzli mövqe tutmamış beynəlxalq KİV nümayəndələri ölkəmizə dəvət edilsin, onların, həmçinin Azərbaycandan olan beynəlxalq KİV nümayəndələrinin döyüş bölgəsində fəaliyyətinə şərait yaradılsın;
– Bakıda yerli və beynəlxalq mətbuat nümayəndələri üçün mətbuat konfransları keçirilsin;
– beynəlxalq mətbuatda son döyüş əməliyyatlarının mahiyyəti barədə rus, ingilis dillərində və başqa dillərdə çıxışların intensivliyi artırılsın;
– internetin sürətinin azaldılmasının xüsusilə rusdilli və ingilisdilli şəbəkələrdə gedən diskussiyalarda mövqeyimizi zəiflətdiyi nəzərə alınsın;
– milli birlik əhvalının pik dövrünü yaşadığımız indiki məqamda televiziya kanallarında müxalifətə qarşı təşkil edilən təbliğat kampaniyası dayandırılsın.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Həmin gündən Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirir. Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər azad edilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
1962-ci il təvəllüdlü Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.
1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.
1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub.
2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.
2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.