Hədəf liberallaşma olsa da…
- 30 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Bəkir Nərimanoğlu
2015-ci ildə neftin qiyməti düşəndən sonra hökumət başqa sektorların inkişafı barədə düşünməyə başladı. Bunun nəticəsi olaraq 2016-cı il dekabrın 6-da iqtisadiyyatın müxtəlif sahələrini əhatə yol xəritələri təsdiqləndi. Həmin sənədlərdən biri “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”dir.
Strateji məqsədlərdən biri kimi liberal bazar prinsipləri əsasında ədalətli rəqabət mühitinin yaradılması, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinin və prosedurlarının müəyyənləşdirilməsi və tətbiqi seçilib. Bir prioritet də telekommunikasiya bazarının liberallaşdırılmasıdır. Bu yöndə xarici investorların cəlb edilməsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olan telekommunikasiya qurumlarının özəlləşdirilməsi nəzərdə tutulur: “RYTN-in nəzdində fəaliyyət göstərən “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər. Özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində, habelə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-in tənzimləyici qurum kimi daha effektiv fəaliyyət göstərməsi məqsədilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlil ediləcək”.
Gözlənən nəticə nə idi?
Yol xəritəsində qeyd olunur ki, özəlləşdirmə nəticəsində sağlam rəqabət mühitinin formalaşması dövlət büdcəsinə daxilolmaların artmasına gətirəcək, genişzolaqlı xətlər vasitəsilə keyfiyyətli multimedia xidmətlərinin (internet, TV, telefon, videokonfrans və s.) təklifi imkanları genişlənəcək: “Artan sabit genişzolaqlı telekommunikasiya infrastrukturunun 2020-ci ildə real ümumi daxili məhsula 30 milyon manat təsirinin olacağı və prioritetin icrası nəticəsində 650 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır”.
Xarici investorların cəlb edilməsi və RYTN-in tabeliyində olan telekommunikasiya qurumlarının özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdı.
Hökumətin 19 il öncəki öhdəliyi
Hökumət telekommunikasiya sektorunda özəlləşdirmə ilə bağlı bir çox dövlət proqramında öhdəlik götürmüşdü. İlk dəfə prezidentin 29 mart 2001-ci il sərəncamı ilə Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında qərar qəbul edildi. Sərəncama görə, hazırda telekommunikasiya bazarında hökmran mövqe tutan “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC-lər özəlləşdirməyə açıq elan edilməli idi. Sənəddə göstərilirdi ki, adıçəkilən müəssisələrin özəlləşdirilməsində xarici investorların da iştirakına icazə verilir.
Lakin ötən dövrdə bu iki şirkətin özəlləşdirilməsi baş tutmadı.
2018-2020-ci illər nəzərdə tutulsa da…
Yol xəritəsinin icra vəziyyətini araşdıran iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, sənəddə telekommunikasiya sektorunda liberallaşdırma islahatları ilə bağlı iki əsas tədbir nəzərdə tutulmuşdu: beynəlxalq internet kanallarına qoşulan operatorların sayının artırılması və sektorda özəlləşdirmə; telekommunikasiya sektorunda özəlləşdirmə: “Liberallaşma və özəlləşdirmə ilə bağlı bir çox tədbir yerinə yetirilməyib. Hazırda beynəlxalq internet trafikinin ölkəyə gətirilməsi üzrə xidmətləri iki şirkət həyata keçirir. Xəritədə həmin operatorların sayının üçə çatdırması hədəflənir və bu hədəfə də 2020-ci ilə qədər yetişmək nəzərdə tutulmuşdu.
Özəlləşdirmə ilə bağlı bu ilin sonuna nəzərdə tutulan bir çox öhdəlik də yerinə yetirilməyib. Yol xəritəsində qeyd edilir ki, Azərbaycanda sabit şəbəkədə genişzolaqlı xidmətlərin 50 faizindən çoxunu azsaylı bazar subyektləri təqdim edir. Genişzolaqlı şəbəkə bazarının liberallaşdırılması ölkədə rabitə əlaqəsinin gücləndirilməsi istiqamətində əsas təkanverici amillərindən biri kimi vurğulanır. Qeyd edilir ki, region ölkələrində sabit genişzolaqlı xidmət üzrə yüksək xüsusi çəkiyə malik bazar iştirakçılarının bazar payları azaldığı halda Azərbaycanda belə iştirakçılar öz abunəçi bazasını genişləndirməklə bu göstəricini 2010-2015-ci illərdə 40 faizdən 66 faizə artırıb. Hökumət bazarın liberallaşdırılmasını xidmət tariflərinin optimallaşması, investisiya qoyuluşlarının həcminin və xidmətlərin keyfiyyətinin yüksəlməsi üçün zəruri şərtlərdən sayır. Hesablamaya əsasən, bazarın liberallaşması beynəlxalq zənglərin orta qiymətlərinin 48 faiz, genişzolaqlı şəbəkə qiymətlərinin isə 32 faiz aşağı salınmasına imkan verə bilər. Beynəlxalq təcrübədə liberallaşdırma həyata keçirildikdən sonra beynəlxalq zənglərin həcminin 32-104 faiz aralığında artdığı, qiymətlərin isə 30-90 faiz aralığında azaldığı müşahidə edilib.
Sənəddə sektora xarici investorların cəlb edilməsi, “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsinin vacibliyi vurğulanır. Bu fəaliyyətin icrası üçün 2018-2020-ci illər nəzərdə tutulsa da, hələ ki, hər hansı real addımlar atılmayıb”.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il fərmanında qeyd olunur ki, təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. Mərkəzdən verilən məlumata görə, qurum hələ ki, 2019-cu il üzrə hesabatı açıqlamağa hazırlaşır. Ən sonuncu – 2018-ci ilə aid hesabatda isə sözügedən qurumların özəlləşdirilməsi ilə bağlı hər hansı məlumat yoxdur.
Nə etməli?
Sabit telefon xidmətləri bazarında dövlət şirkətləri hökmrandır. İnternet xidmətləri bazarında özəl sektor nisbi pay üstünlüyünə (55,3%) malik olsa da, son illərdə davamlı olaraq bazardakı mövqelərini dövlət şirkətlərinin xeyrinə itirib. Sabit telefon şəbəkəsi bazasında genişzolaqlı internet xidmətləri infrastrukturu tamamilə dövlət şirkətlərinə məxsusdur. Telekommunikasiya xidmətlərinin yalnız daxili bazar üzrə deyil, həmçinin beynəlxalq xidmətlər seqmetində də az sayda təsərrüfat subyektləri üstündür. Mobil telefon xidmətləri bazarında dörd şirkət fəaliyyət göstərsə də, dövlət payına malik olan “Azərsell” şirkəti bazarın 48%-nə nəzarət edir.
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, son 30 ildə dünyada telekommunikasiya sektoru genişmiqyaslı liberallaşdırma və dövlətsizləşdirmə islahatlarından keçib: “Azərbaycanda aparıcı telekommunikasiya şirkətlərinin özəlləşdirilməsi ilə bağlı ilk rəsmi qərar 2001-ci ildə qəbul edilsə də, icra edilməyib. Dövlət mülkiyyətində olan aparıcı telekommunikasiya şirkətləri şəffaf, hesabatlı və kollegial idarəçiliyə zəmanət verən korporativ menecment modelinə keçməyib. Dövlət mülkiyyətində olan telekommunikasiya şirkətləri Nazirlər Kabinetinin dövlət müəssisələrində korporativ idarəetmə standartlarının tətbiqini nəzərdə tutan qaydalarının təsirindən kənarda qalıb. Dövlətə məxsus telekommunikasiya şirkətləri maliyyə hesabatlarının tərtibi və açıqlanması sahəsində beynəlxalq standartlara keçməyiblər”.
Ekspert deyir ki, islahatların ilk mərhələsi olaraq telekommunikasiya şirkətlərində korporativ idarəetmə standartları tətbiq edilməli, direktorlar (müşahidə) şuralarının real fəaliyyəti və icra orqanları üzərində real nəzarət (təsir) imkanları təmin edilməlidir: “Eyni zamanda bu şirkətlərin məlumat açıqlığına və şəffaflığına dair tələblər sərtləşdirilməlidir. Şirkətlərin fəaliyyətini tənzimləyən normativ sənədlər, onların strukturu və səlahiyyətli şəxsləri barədə məlumatlar internet resursları vasitəsilə ictimailəşdirilməlidir. Şirkətlərin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtibi və açıqlanması təmin edilməlidir. Yol xəritəsində nəzərdə tutulan hədəflərə uyğun olaraq islahatların ikinci mərhələsi kimi dövlətə məxsus telekommunikasiya şirkətlərinin dövlətsizləşdirilməsi prosesi başa çatdırılmalıdır”.
Ekspertin qənaətinə görə, telekommunikasiya şirkətlərinin dövlətsizləşdirilməsi modeli seçilərkən investisiya müsabiqələri vasitəsilə səhmlərin nəzarət zərfi strateji investora təklif edilsə də, Türkiyə modelində olduğu kimi səhmlərin müəyyən hissəsinin (25-30%) fond birjası vasitəsilə açıq bazarda satışa çıxarılması məqsədəuyğundur.