Sentyabrın 30-da Avropa İttifaqı Şurasının sədri Şarl Mişel prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin dinc nizamlanmasının zəruri olduğunu vurğulayıb: “İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrini, hərbi birləşmələrin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxs və hərbi qulluqçular həlak olublar: “Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir, bu da Cenevrə konvensiyasına görə, beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı”.
Dövlət başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib