Sentyabrın 29-da Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Angela Merkel cəbhə xəttində silahlı qarşıdurmadan narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb. İlham Əliyev qeyd edib ki, sentyabrın 27-si səhər Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədib, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələr, şəhər və kəndlər atəşə tutulub, iki gün ərzində hərbçilər, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb, Azərbaycan əks-hücum əməliyyatına başlayıb.
Prezident deyib ki, iyul-avqust aylarında Ermənistan hərbi təxribatlar törədib və bunların nəticəsində hərbçilər və mülki şəxslər həlak olub. İlham Əliyev bu təxribatların Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb: “Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Ermənistanın müdafiə naziri Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib və bu plan reallıqda həyata keçirilir.
Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və hərbi cinayət sayılır”.
Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi