Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu Füzuli şəhərinin işğaldan azad olunması uğrunda hücumu davam etdirir: “Sentyabrın 29-u səhər saat 7-8 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının 4 tankı məhv edilib, döyüşlər gedir”.
Başqa bir məlumata əsasən, sentyabrın 29-u səhər saat 7:30-dan Daşkəsən rayonunun ərazisi Ermənistanın Vardenis rayonundan artilleriya atəşinə tutulur. Azərbaycan Ordusunun adekvat tədbirlər görəcəyi vurğulanır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Füzuli şəhəri 1993-cü il avqustun 23-də zəbt edilib.
Sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Azərbaycan Ordusunun əks-hücumu ilə Füzuli, Cəbrayıl, Kəlbəcər və Ağdərə bölgələrində bəzi ərazilər azad edilib.