Prezident İlham Əliyev sentyabrın 29-da Pakistanın Azərbaycandakı yeni səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfirlə söhbətində İlham Əliyev deyib: “Biz Azərbaycanın ərazi bütövlüyü məsələsində Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda, Ermənistan-Azərbaycan sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olub. Bunun nəticəsində bir mülki şəxs öldürülüb.
Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı.
Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxalanıb və ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi.
Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu baş verdi.
Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.
Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilib. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa mədəni soyqırımı da törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə.
Ermənistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.