Azərbaycanda oktyabrın 30-da başa çatmalı olan xüsusi karantin rejiminin müddəti noyabrın 2-dək uzadılıb.
Novator.az xəbər verir ki, Nazirlər Kabineti sentyabrın 28-də bununla bağlı qərar qəbul edib.
Ölkədə xüsusi karantin rejimi koronavirus infeksiyasının qarşısını almaq məqsədilə, martın 31-dən tətbiq olunur.
Xüsusi karantin rejimi bu qadağaları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn istisna olmaqla yas mərasimləri;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətləri.
Sərt xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq edilir:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 1 milyondan çox adamın ölümünə səbəb olub. Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın 28 sentyabr hesabatında yoluxanların ümumi sayı 40061 nəfər göstərilib: onların 588-i vəfat edib, 1748-i aktiv xəstədir.
Novator.az bildirir ki, Azərbaycanda aylar üzrə ölüm sayı belədir:
mart – 5 ölüm
aprel – 19
may – 39
iyun – 150
iyul – 235
avqust – 86
sentyabr – 54.