Sentyabrın 27-də prezident İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı Ermənistan silahlı qüvvələrinin səhər tezdən bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutduğunu deyib: “Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb.
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı.
Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı.
Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır.
Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıb. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür.
İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq. Əfsuslar ki, bu onlar üçün dərs olmadı. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun başçısı saxlanıb və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlib.
Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün törədildi və bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.
Ermənistanın təxribatları Ermənistan rəhbərliyinin bəyanatlarında da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda – Xankəndidə deyib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi.
İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?!
Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. Danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır.
Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilib. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.
Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri – Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır.
Bu yaxınlarda Ermənistanın baş naziri bəyan edib ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaq. Bu nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaq.
Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcək. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasəti Ermənistan uzun illər ərzində aparır”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan heç bir təxribata əl atmayıb, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır: “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıb. BMT və bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”