Sentyabrın 27-də prezident İlham Əliyev hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Fərman sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olması, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə əsaslandırılıb.
Hərbi vəziyyət rejimi sentyabrın 28-i saat 00:00-dan Azərbaycanın bütün ərazisində qüvvəyə minir.
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiqləyən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları yasaqlanır; xüsusi giriş-çıxış rejimi tətbiq olunur, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Daxili İşlər Nazirliyinə komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması tədbirləri nəzərdə tutulur.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan hazırda Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğalda saxlayır.
Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-si səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Azərbaycan Ordusunun əks-hücumu ilə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları dağıdılıb, hakim yüksəkliklər nəzarətə götürülüb.
Son məlumata əsasən, Goranboy istiqamətində hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Döyüş əməliyyatları davam edir.