Sentyabrın 27-də Milli Məclisin iclası keçirilib. İclasda prezident İlham Əliyevin Azərbaycan ərazisində hərbi vəziyyət elan edilməsi barədə fərmanı müzakirə olunaraq təsdiqlənib.
Novator.az bildirir ki, qanuna görə, hərbi vəziyyət Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə; Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda elan edilir.
Qanunda hərbi vəziyyət dövründə referendumun, seçkilərin və ya yerli rəy sorğusunun keçirilməsinin yolverilməzliyi yer alır. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.
Hərbi idarəetmə orqanlarının hərbi qulluqçuları, habelə aidiyyəti dövlət orqanlarının əməkdaşları hərbi vəziyyət rejimi zamanı dövlət və hərbi obyektlərə, fiziki və hüquqi şəxslərə edilən hücumlar; hərbi qulluqçuların, aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyat və sağlamlığı üçün təhlükə törədən əməllər və ya onlara göstərilən müqavimət; mühafizə olunan obyektlərə və qoşun birləşmələrinin dislokasiya yerlərinə qanunsuz daxilolma cəhdləri; kütləvi iğtişaşlar və ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələri tətbiq edə bilərlər.
Hərbi vəziyyət dövründə bu tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
– təxsislənmiş (bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə olunması;
– ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji təchizatı müəssisələrinin, baş enerji nəqletmə sistemlərinin, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;
– mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi;
– stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərti ilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması (köçürülməsi);
– hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanması;
– hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
– rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;
– təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması;
– karantinin tətbiq edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin keçirilməsi;
– hərbi vəziyyət şəraitində məxfilik rejiminin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
– silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsi;
– gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi;
– müvafiq şəxslərin internə edilməsi;
– yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;
– hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;
– Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;
– yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;
– nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;
– komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
– şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, həmin şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması;
– hərbi vəziyyət rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin həmin ərazinin hüdudlarından çıxarılması;
– kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;
– hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;
– cəbhə boyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;
– əməyin mühafizəsi normalarına və qaydalarına tam riayət olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğın, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi;
– mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi;
– müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi;
– qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alınması və ya istifadə edilməsi.
“Hərbi vəziyyət haqqında” qanun icrasına məsul qurumlar Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi müəyyən edilib.
Hərbi idarəetmə orqanları dedikdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur.
Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-si səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri cəbhə zonasında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Rəsmi açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verib. Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murov dağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparır. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları dağıdılıb, hakim yüksəkliklər nəzarətə götürülüb.
Sentyabrın 27-də həm Dağlıq Qarabağ rejimində, həm də Ermənistanda hərbi vəziyyət və tam səfərbərlik elan edilib.