Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyev görüşdə bölgədə vəziyyətin mənfi məcraya doğru getdiyini deyib: “Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir. Ən təcavüzkar addımı Ermənistan iyulun 12-də atıb. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə ediblər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olub və bir mülki şəxs öldürülüb. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilib. Bundan əvvəl də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdı.
Bir müddət əvvəl ordumuz sərhəddən çıxarılıb və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsini sərhəd xidməti mühafizə edir. Bu, Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər.
Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, Amerika Birləşmiş Ştatlarında olarkən demişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi əsasən yeni ərazilər işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi.
İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi.
Növbəti səbəb, zənnimcə, onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirdilər. Məğlub olduqdan dərhal sonra onlar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər.
Səbəblərdən biri də danışıqlar prosesini pozmaq idi. Bəlkə də başqa səbəblər var idi, lakin düşünürəm ki, bunlar əsas səbəblər idi.
Onlar məqsədlərinə nail ola bilmədilər. Onlar yalnız bir məqsədə nail oldular, bu da danışıqların dayanmasıdır. Bütün məsuliyyət Ermənistanın üzərindədir. Onlar danışıqları aparmaq istəmədiklərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə, Xankəndidə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Əks halda bu qəbuledilməz və yanlış bəyanatı səsləndirməkdən çəkinərdi.
Onların danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səyləri göstərməsi idi. Bu da dərhal rədd edilib və Minsk qrupunun həmsədrlərindən dəstəklənməyib. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər.
İyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı yaxalanıb. O etiraf etdi və ifadə verdi ki, dəstəsi ilə birgə mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi quluqçularımıza hücum etmək üçün göndərilib. Bu onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır.
Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var – Azərbaycana hücum etmək. Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları daxil edirlər. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır.
Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır.
Siz həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi bir çox beynəlxalq təşkilatda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə konvensiyasının pozulmasıdır və cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatları Ermənistan törədir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər.
Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.