“Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”. AZƏRTAC-ın məlumatına görə, sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edən prezident İlham Əliyev belə deyib. Ümumi debatlara video ilə qatılan dövlət başçısı qeyd edib ki, sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh mümkün deyil: “Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.
Azərbaycan ərazisinin təqribən 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədib. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb.
1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib, 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur, Ermənistan isə təqribən 30 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. İşğalçı Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.
Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılıb və talan edilib. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir.
Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir. 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib. Həmin hücum nəticəsində biri uşaq olmaqla 6 dinc sakin qətlə yetirilib, 26 mülki vətəndaş yaralanıb. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirib və işğal olunmuş torpaqların bir hissəsini azad edib.
2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilib.
2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atıb. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olub, mülki infrastruktura ciddi zərər dəyib.
Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı yaxalanıb. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktları planlaşdırdığını etiraf edib.
Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini rədd edib. Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülüb və işgəncəyə məruz qalıblar. Onlar 6 ildən çoxdur əsirlikdədirlər.
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır”.
Prezident əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib: “Danışıqlar imitasiya naminə aparılmamalı, nəticə yönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir.
Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün – iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanında olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.
Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.
Dövlət başçısı təkliflər irəli sürüb: “Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.
Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Qətnamələrin icrası mexanizmləri yaradılmalıdır.
Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevriliblər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.
Vaksinin əlçatanlığı və ədalətli paylanmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır”.