Nazirlər Kabinetinin 23 sentyabr qərarı ilə Kosmik Məsələlər üzrə Şura yaradılıb. Novator.az-ın məlumatına görə, şuraya bu vəzifələri tutan şəxslər daxildir: iqtisadiyyat naziri, fövqəladə hallar naziri, maliyyə naziri, kənd təsərrüfatı naziri, ekologiya və təbii sərvətlər naziri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.
Sədri şura özü seçməlidir.
Əsasnamədə qeyd olunur ki, Kosmik Məsələlər üzrə Şura Azərbaycanda kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənir, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir və həmin sahənin inkişafı ilə bağlı təkliflər hazırlayır.
Üzvləri ictimai əsaslarla fəaliyyət göstərən şuraya funksiyalar həvalə olunub:
– kosmik fəaliyyət sahəsində dövlət proqramlarının həyata keçirilməsinin monitorinqi;
– kosmik fəaliyyət sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinin və nəticələrinin təhlili, habelə dövlət proqramlarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
– kosmik fəzanın, o cümlədən uzaq kosmosun öyrənilməsinə və istifadəsinə dair işlərin aparılması istiqamətində sistemli araşdırmanın təşkili;
– kosmik tədqiqatların nəticələrinin, kosmik sənaye məhsullarının ölkənin iqtisadiyyatında və ayrı-ayrı sahələrində istifadə edilməsi istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması və qəbul olunmuş qərarların icrasının monitorinqi;
– kosmik fəaliyyətin nəticələrindən istifadə edilməsi sahəsində tədbirlərin planlaşdırılması, habelə öz səlahiyyətləri daxilində belə tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi;
– dövlət orqanlarının (qurumlarının) kosmik texnologiyalara və xidmətlərə olan ehtiyac və tələbatının ödənilməsinə, habelə dövlət orqanlarının (qurumlarının) və təşkilatlarının mənafeləri üçün kosmik fəaliyyətin nəticələrindən istifadə edilməsinə dair tövsiyələrin hazırlanması;
– Azərbaycanda və xaricdə kosmik fəaliyyətin nəticələrindən istifadənin elmi-texniki, istehsal, istifadəçi (operator), təhsil və innovasiya strukturunun formalaşdırılmasının kompleks problemlərinin həllinə dair təkliflərə baxılması və tövsiyələr verilməsi;
– kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin verilməsi;
– kosmik fəaliyyətin nəticələrindən istifadə əsasında həyata keçirilən pilot və digər layihələr üzrə təkliflərin hazırlanması, habelə belə təkliflərə baxılması;
– kosmik tədqiqatların, o cümlədən kosmik fəzada tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı təkliflərin hazırlanması;
– kosmik sənaye, eləcə də kosmik tədqiqatların aparılması üçün investisiya qoyuluşlarına dair təkliflərin verilməsi;
– kosmik tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı qrantlar üçün vəsaitlərin formalaşdırılması (ayrılması) və qrantların verilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi;
– beynəlxalq təşkilatlar və qurumlarla, xarici dövlətlərin kosmik agentlikləri ilə öz səlahiyyətləri daxilində əməkdaşlığın həyata keçirilməsi.