Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin sədri Sahibə Qafarovanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən verdiyi rəsmi informasiyanın mətnində dəyişiklik edib.
Novator.az-ın məlumatına görə, Sahibə Qafarovanın Sergey Lavrovla görüşü sentyabrın 23-ü Rusiyanın paytaxtı Moskvada keçirilib. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin həmin gün yaydığı rəsmi xəbərdə bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Məlumatda Sergey Lavrovun dilindən bu cümlələr qeyd olunub: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
Milli Məclisin yaydığı rəsmi məlumat mediada geniş işıqlandırılıb, Azərbaycanda, eləcə də Ermənistanda əks-səda doğurub.
Sentyabrın 23-də həftəlik brifinq keçirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sergey Lavrovun Sahibə Qafarova ilə görüşündən Milli Məclisin yaydığı məlumatla bağlı sualı cavablandırıb. O, Sergey Lavrovla Sahibə Qafarovanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə baza prinsiplərinin müzakirə olunduğunu vurğulayıb, görüş barədə Azərbaycanda yayılan rəsmi məlumatla barədə isə Azərbaycan tərəfinin özündən şərh almağı məsləhət görüb. Dolayısı ilə Sergey Lavrovun dilindən verilmiş “Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır” sözlərini təsdiqləməyib.
Mariya Zaxarovanın brifinqindən sonra Ermənistan mediasında hay-küy qaldırılıb, Azərbaycan tərəfinin Sergey Lavrovun sözlərini təhrif etdiyi iddia olunub.
Həmin gün axşam Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Sahibə Qafarovanın Sergey Lavrovla görüşündən verilən informasiyanın mətnini dəyişib. Yenilənmiş mətndə bunlar qeyd olunur: “Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildirdi ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğalda saxlayır. İşğal bölgəsində özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran qanunsuz rejim yaradılıb.
Münaqişənin dinc yolla həllinə məsul olan ATƏT-in Minsk qrupuna Rusiya, Fransa, ABŞ həmsədrlik edir.
Danışıqlar Madrid prinsipləri adlı təkliflər əsasında aparılır. 2007-ci il noyabrın 29-da Rusiya, Fransa, ABŞ-ın Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə (əvvəl Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, sonra Kəlbəcər rayonunun, daha sonra Laçın rayonunun) Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.
Son vaxtlar Ermənistanın baş nazir Nikol Paşinyan yeni tezislər irəli sürür. O, Dağlıq Qarabağ rejiminin sülh danışıqlarının tərəfi olmasını, Dağlıq Qarabağın öz müqəddəratını müəyyən etmək hüququnu tanımağı tələb edir.