Eldar Həsənov: 5+2 şərhi, Rusiyaya ittiham, Lavrova cavab
- 24 Sentyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetŞərh
2007-ci ildən Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar Madrid prinsipləri adlı təkliflər əsasında aparılır. Beynəlxalq vasitəçilər olan ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Fransa, ABŞ-ın 2007-ci il noyabrın 29-da Madriddə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını, bölgənin yekun statusunun yerli səsvermə ilə müəyyənləşməsini nəzərdə tutur.
1988-ci ilin fevralında Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. Hərbi əməliyyatlar dövründə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal ediblər.
1994-cü ilin may ayından atəşkəs rejimi qüvvədədir.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il qərarı Minsk şəhərində Dağlıq Qarabağa dair sülh konfransının çağırılmasını nəzərdə tutur. Bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistan, həmsədrlər Rusiya, Fransa, ABŞ-la yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.
Madrid prinsipləri əsasında sülh sazişi imzalansa, ilk növbədə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları boşaldılmalı, həmin rayonlar bölgəyə sülhməramlı kontingent yerləşdiriləndən sonra Azərbaycana təhvil verilməlidir.
Kəlbəcərdən erməni silahlı qüvvələrinin ilk mərhələdə qismən çıxarılması, rayonun bir müddət beynəlxalq nəzarətdə olması nəzərdə tutulur.
Madrid prinsiplərinə görə, Laçın rayonunun bir hissəsi Dağlıq Qarabağı Ermənistanla birləşdirən müəyyən ərazi kimi ayrılır, Dağlıq Qarabağın yekun statusu müəyyənləşənə qədər həmin ərazi Dağlıq Qarabağ hakimiyyətinin nəzarətində qalır.
Təklifə əsasən, Dağlıq Qarabağın yekun statusu yerli səsvermə ilə həll olunmalıdır. Səsverməyə 1988-ci ildəki say nisbətində Dağlıq Qarabağ sakinləri qatılmalıdır.
1979-cu ildə keçirilmiş siyahıyaalmaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətində 123 min nəfərdən çox erməni, 38 minə yaxın azərbaycanlı yaşayıb.
Novator.az bildirir ki, Madrid prinsipləri gündəmə gələndən Azərbaycan hakimiyyətinin yalnız bir yüksək ranqlı məmuru ictimai səviyyədə bu təklifin qəbuledilməz olduğunu bəyan edib.
“Yeni Müsavat” qəzetinin 20 may 2016-cı il sayına açıqlamasında Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilən 5+2 variantının (öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının geri qaytarılması, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılması) qəbuledilməz olduğunu bildirib. Eldar Həsənov qeyd edib ki, 2003-cü ildən Azərbaycan prezidenti Qarabağ məsələsində hər bir Azərbaycan vətəndaşının istəyi, arzusu nədirsə, onu etmək istiqamətində çalışıb: “Azərbaycan prezidentinin apardığı siyasət, ordu quruculuğunun nəticəsi Qarabağ məsələsində status-kvonu dəyişib. Lakin burda bir şey nəzərə alınmalıdır. Belə söhbətlər səslənir ki, bəzi beynəlxalq vasitəçilər Qarabağ məsələsini 5+2 rayonun qaytarılması formulu ilə həll etmək istəyirlər. Nəzərə almaq lazımdır ki, bu formul qəti surətdə Azərbaycan üçün əlverişli formul deyil. Unutmaq olmaz ki, ən strateji yüksəkliklər məhz Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşir. 5+2 formulu isə, bəllidir ki, Kəlbəcərlə Laçının azad edilməsinin sonrakı mərhələyə saxlanmasını nəzərdə tutur.
Kəlbəcər və Laçın, yəni çox ciddi əhəmiyyət kəsb eləyən yüksəkliklər Ermənistanın əlində qalırsa, azad edilən o 5 rayona qayıdan yüz minlərlə azərbaycanlı əhalinin taleyi və təhlükəsizliyi hər an təhlükə altında olacaq. Müharibə tarixlərindən də bəllidir ki, yüksəkliklər kimdədirsə, üstünlük onda olur. Ermənistan məhz buna görə bütün vasitələrlə çalışır ki, Kəlbəcər və Laçın digər rayonlardan ayrılsın və onların nəzarətində qalsın. 5+2 adlanan həll formulu o deməkdir ki, Murovdan başlamış Laçının Minkənd kəndinin başının üstünə qədər olan yüksəkliklər qalır ermənilərin əlində və beləliklə, azad edilən 5 rayon təhlükə altında qalır. Ermənistan taleyi öz əlində olan ölkə olmadığı üçün tarix göstərir ki, imzaladığı razılaşma sənədlərinə belə əməl etmir və edə bilmir. 1992-ci ilin mayında İranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri ilə Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında atəşkəs sənədi imzalanmışdı. Həmin günün səhərisi Ermənistan Şuşanın işğalını həyata keçirməyə başladı.
Bu təcrübə onu deməyə əsas verir ki, Ermənistan hətta 5 rayonu geri qaytardıqdan sonra imzasına məhəl qoymayaraq yüksəkliklərdən yenidən həmin rayonlara hücum edə bilər. Nə qədər ki, Ermənistan özü öz taleyinin sahibi deyil, kənardan idarə olunur, onların hətta öz imzasına hər an xəyanət etmələrini görmək mümkündür.
Odur ki, Azərbaycan aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra əldə etdiyi üstünlüyün və ədalətli mövqeyinin diktəsi ilə hərəkət etməli və sülh prosesinin maraqlarımıza uyğun getməsinə nail olmalıdır və inanıram ki, nail olacaq”.
Novator.az Eldar Həsənovun Qarabağ mövzusunda bir neçə başqa bəyanatına da nəzər salıb.
Jurnalist Aida Eyvazlının götürdüyü, 19 noyabr 2016-cı ildə dərc olunmuş müsahibəsində Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfir Eldar Həsənov 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qırğını barədə belə danışır: “Bu işğal planının tərtibindən həyata keçirilməsinə qədər rus hərbi birləşmələrinin iştirakı dəlillərlə, istintaq materialları ilə, məhkəmə qərarları ilə sübuta yetirilib. Həmin istintaq materiallarının hər birini səhifə-səhifə oxumuşam. Rusiya bizim tarixi qonşumuzdur, strateji tərəfdaşlıq münasibətlərimiz hər zaman qorunub saxlanmalıdır. Ancaq tərəfdaşımız da bunu bilməlidir ki, biz də unutmuruq: Azərbaycanın müstəqilliyinin əlindən alınması üçün süni bir problemin hazırlanması, sonradan bunun reallaşdırılması, tarixi torpaqlarımızın işğalı və Xocalı soyqırımının həyata keçirilməsi, bu işğalda rus silahlı qüvvələrinin iştirakı faktdır, sübutdur, dəlildir. Bunlardan nəticə çıxarmaq, keçmişdə baş verən yanlışlıqları aradan qaldırmaq, belə düşünürəm ki, Rusiyanın Minsk qrupunda həmsədr kimi imicinə çox mühüm təsir edərdi. Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna, istər Gürcüstan, istər Moldova və ya Qarabağdakı separatçılıqda Rusiyanın rolu var. BMT Təhlükəsizlik Şurasının məlum qətnamə və qərarları əsasında işğalçı qoşunların təcili surətdə ərazilərimizdən çıxarılmasını təmin etmək Rusiyanın da imicinə xidmət etmiş olar. Həm də dövlətlərarası münasibətlərdə, qonşuluq və qarşılıqlı etimad siyasətində, millətlərarası münasibətlərin möhkəmlənməsində çox böyük rol oynamış olar.
Rusiya bu addımı atmalıdır. Çünki hadisələri araşdıran beynəlxalq və yerli ekspertlər də, alimlər də keçmiş sovet ölkələrində yaranan problemlərin hamısında birmənalı şəkildə Moskvanın əli olduğunu təsdiqləyirlər. Rusiyanın bir də belə bir tarixi şansı olacaqmı? O öz maraqları baxımından, öz ölkəsinin siyasəti baxımından, düşünürəm ki, bunu etməlidir. Bununla sülhməramlı bir dövlət imici qazanıb regionda da sülhə nail ola bilər. Azərbaycan xalqı tarixdən, başına gələn hadisələrdən, Zəngəzurdan, Gülüstan müqaviləsindən, Türkmənçay müqaviləsindən, Azərbaycanın 200 min kvadrat kilometrlik ərazisinin bölünüb 86 min kvadrat kilometrə gətirilib çıxarılmasından artıq nəticə çıxarıb… Azərbaycan xalqı onu dərk edib ki, zaman-zaman tarixi ərazilərimiz Ermənistana pay verilib. Bunu prezidentimiz İlham Əliyev də dəfələrlə vurğulayıb. Azərbaycan xalqı artıq o xalq deyil, ictimai şüuru o şüur deyil, iqtisadi potensialı o zamankı deyil. Milli ruhu, mütəşəkkil intizamlı ordusu, dövlətin siyasi iradəsi var. Bizim və bütün dünyanın etibarlı münasibətlərə ehtiyacı var”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci il yanvarın 17-si Moskvada keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qərar qəbul edilib: “İlk növbədə münaqişənin gərgin vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş, atəşin dayandırılmasını tələb edən qətnamələri göstərmək olar. Bu qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir. Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil. ATƏT-in Minsk qrupunun çoxsaylı qərarlarında, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı sənədlərdə mübahisələrin dinc yolla həlli birmənalı vurğulanır”.
Bundan dörd gün sonra – 2017-ci il yanvarın 21-də Moderator.az saytına danışan Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfir Eldar Həsənov Sergey Lavrovun tezisinə qarşı çıxıb: “Aydın məsələdir ki, münaqişənin bir tərəfi Azərbaycan, digər tərəfi isə Rusiyanın öz müttəfiqi hesab etdiyi, son 25 ildə dəfələrlə təmənnasız və ya güzəştli qiymətlərlə silah ötürdüyü Ermənistandır. Bundan əlavə, 1990-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüşlər zamanı əsir götürülən hərbçilər arasında Rusiya zabit və əsgərləri də var. Bizim arxivlərimizdə də onların döyüşlərə necə və kimin əmri ilə qatıldıqlarına dair könüllü və səmimi etiraf ifadələri var. Rusiya-Ermənistan münasibətlərinin xüsusiyyəti heç kimə sirr deyil. Ayrı bir məsələdir ki, silahlı təcavüzə məruz qalmış ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ var, bu hüququmuz kiminsə bəyanatı ilə məhdudlaşdırıla bilməz”.
1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulan Eldar Həsənov Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib. Bu, Eldar Həsənovun tutulması ilə bağlı olub. Eldar Həsənov avqustun 13-dən həbsdədir. Vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmədə ittiham olunur.
Eldar Həsənov ittihamı rədd edir, özünü təqsirli bilmir.