Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmasına fərman verib. Sentyabrın 22-də imzalanan sənədə görə, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilib. Fərman 2019-cu il yanvarın 14-də ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyinə verilməsini də nəzərdə tutur.
Novator.az bildirir ki, əsasnaməsinə görə, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurumdur. Agentliyin fəaliyyət istiqamətləri belə müəyyən edilib: bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak; sahənin inkişafı və bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi, müvafiq sahədə fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi, sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görmək.
Qurumun fəaliyyətinə energetika nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edir. Direktorun iki müavini var.
Energetika naziri postunu Pərviz Şahbazov tutur. 1969-cu il təvəllüdlü Pərviz Şahbazov indiki Neft və Sənaye Universitetini bitirib. Azərbaycanın Almaniyadakı səfirliyində attaşe, Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində çalışıb.
Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrini tutub, ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub.
2017-ci il oktyabrın 12-dən energetika naziridir.