Rusiya səfərində olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Milli Məclisin sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsi bölgənin inkişafına ciddi maneələr yaradır: “Azərbaycan münaqişənin dinc yolla siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır: “Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması şərti ilə müzakirə edilə biləcəyi barədə absurd açıqlamaları münaqişənin dinc həlli səyləri puç edir.
Nikol Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə verdiyi açıqlamalar tənqidlərə davam gətirmir. Ermənistan rəhbərliyi unutmamalıdır ki, Azərbaycan torpaqlarının işğalı faktını “Ermənistanın və “Arsax”ın ümumi təhlükəsizlik sistemi” kimi qələmə verərək gizlətmək alınmayacaq”.
Sergey Lavrov qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
Həmin gün Sahibə Qafarova parlamentin yuxarı palatasında – Federasiya Şurasında çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib: “1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan həmin qətnamələrə bu günədək məhəl qoymur.
Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. Biz belə hesab edirik ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün oradan qovulmuş Azərbaycan əhalisini öz daimi yaşayış yerlərinə geri qaytarmaq və onların erməni əhalisi ilə bərabər şəkildə məişətini və təhlükəsizliyini təmin etmək lazımdır. Ancaq bundan sonra hər hansı bir statusun verilməsindən danışmaq olar. Azərbaycan tərəfi ölkənin bu bölgəsinin hər iki icmasının faydalanacağı bütün zəruri tədbirləri həyata keçirməyə hazırdır. Bu mərhələyə keçmək üçün əsas maneə ərazilərimizin işğalıdır”.
Xəbəri Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan hazırda Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğalda saxlayır. Münaqişənin dinc yolla həllinə məsul olan ATƏT-in Minsk qrupuna Rusiya, Fransa, ABŞ həmsədrlik edir.
Danışıqlar Madrid prinsipləri adlı təkliflər əsasında aparılır. 2007-ci il noyabrın 29-da Rusiya, Fransa, ABŞ-ın Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə (əvvəl Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, sonra Kəlbəcər rayonunun, daha sonra Laçın rayonunun) Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.