Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sentyabrın 21-də rəsmi məlumat yayaraq bildirib ki, ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır. Açıqlamada “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna istinad olunur, qeyd edilir ki, sənəd hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılmasını nəzərdə tutur.
Novator.az bildirir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə, hərbi qulluqçular bu hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:
yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda;
xəstəliyə görə – hərbi həkim komissiyasının qərarı ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda;
törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;
bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə;
Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.
Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (istefaya buraxılanlar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər.
Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması anından hesablanır.
Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və bu son yaş hədlərinədək ehtiyatda olurlar:
əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş;
kiçik zabitlər – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş;
baş zabitlər: mayor və polkovnik-leytenantlar – birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər – birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60 yaş;
ali zabitlər – birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.
Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.
Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Bu hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:
birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
ikinci dərəcəli ehtiyatda olanlar – hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə.
Səfərbərlik hazırlığının yoxlanması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.
Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.
Toplanışların müddətlərini və vaxtını, cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlana bilərlər.
Hərbi vəzifəlilər üçün toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün toplanışın sonu sayılır.
Bu şəxslər toplanışlar keçməkdən azad edilirlər:
hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;
müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;
qadın hərbi vəzifəlilər;
mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;
dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);
əyani təhsilalma forması üzrə – təhsil müddətində, qiyabi təhsilalma forması üzrə – semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);
qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar.
Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.