“Ermənistan rəhbəri danışıqlar prosesini pozub”
Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməl mərasimində iştirak edib. Mərasimdən sonra prezident Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Real” Televiziyasına müsahibə verib, siyasi məsələlərə də toxunub.
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar barədə sualı cavablandıran dövlət başçısı deyib: “Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər.
Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaq. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır.
Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaq.
O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə bu, status-kvonun möhkəmləndirilməsi demək olacaq, buna isə biz heç vaxt razı ola bilmərik.
Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər.
Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o belə hesab edir ki, Qarabağ Ermənistandır, – halbuki bütün dünya bu cəfəng fikri rədd edib, – onda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Yəni bu, siyasi təxribat idi.
İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda Minsk qrupunun həmsədrləri də buna heç vaxt razı ola bilməzdilər. Düzdür, onlar diplomatdırlar və çalışırlar ki, diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm, Ermənistan tərəfinə artıq deyildi ki, bu kimi açıqlamalar ziyanlıdır və onların özləri üçün də problemlər yaradır.
Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.
İndi baxın onların digər addımlarına. Ermənistan qanunsuz məskunlaşdırma aparır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur – onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu təxribatdır, bizi təxribata çəkirlər. İnternetdə göstərirlər ki, Livandan hansısa erməni ailəsi gəlib, orada hansısa iş görür.
Ondan başqa bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq.
Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni hər bir addım bizə qarşı açıq təxribatdır.
İyul təxribatı. O da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün.
İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. O ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni bu, çoban deyil, bu, yolunu azmış hansısa uşaq deyil. Yoxsa onlar bütün casuslarını çoban və dəli adlandırırlar. Bizdə onlardan artıq 5-6-sı var. Hamısı da dəli, hamısı da çoban? Belə çıxır ki, yəni Ermənistanda çobanlar və dəlilər əksəriyyət təşkil edir? Buna da çoban demək istəyirdilər, amma daha deyə bilmirlər.
Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Yox, onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı.
Bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaq”.
2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı və ondan sonrakı dövrdə Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə məlumatlara toxunan prezident deyib: “Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ona görə Ermənistanla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Onu bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklərin daşınmasının intensiv xarakter alması, eyni zamanda toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmalıyam.
Mən ümumiyyətlə hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik?! Biz bunu dilə gətirməliyik və bunu da etdik. Telefon danışıqları ilə əlaqədar Prezidentin mətbuat xidməti müvafiq açıqlamalar dərc etdi. Hesab edirəm ki, oradakı məlumat kifayətdir.
Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter alması bizi ciddi narahat edir. Çünki bu silahlar bizə qarşı istifadə olunur. Bu silahlarla bizim uşaqlarımız, insanlarımız vurulur, həlak olur. Ona görə bu məsələ, hər bir başqa məsələ kimi, diqqət mərkəzindədir. Biz bundan sonra da vəziyyətə nəzarət edəcəyik.
Söz düşmüşkən, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm”.
İlham Əliyev qeyd edib ki, azərbaycanlılar mütləq Dağlıq Qarabağa qayıdacaq: “Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”