Sentyabrın 17-də Böyük Britaniyadan yayılan “AzerFreedom” internet televiziyasının qurucusu Qurban Məmmədovun Türkiyədə tutulduğu bildirilib. Xəbərdə Qurban Məmmədovun oğlu Qoşqar Məmmədova istinad olunub. Bir müddət sonra Qoşqar Məmmədov özünün “Facebook” səhifəsində atasının İngiltərədə olduğunu bəyan edib.
Novator.az bildirir ki, Qurban Cəlal oğlu Məmmədov 1959-cü ildə Naxçıvan Muxtar Respublikasında doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Xalq hərəkatının (1988-1991) öncül şəxslərindəndir, vəkillik fəaliyyəti ilə tanınıb. 1998-2003 və 2013-2014-cü illərdə həbsdə yatıb.
5 övlad atası olan Qurban Məmmədov bir neçə ildir Böyük Britaniyada yaşayır. Onun yaratdığı “AzerFreedom” kanalı Youtube.com-da efirə çıxır.
Bu il sentyabrın 8-də rəsmi məlumat yayan Baş Prokurorluq xatırladıb ki, 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elvin İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu ildə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.
Bloqçu kimi, sosial şəbəkələrdə yaydığı videolarla tanınan Elvin İsayevə cinayət işi 15 avqust 2019-cu ildə dövlət əleyhinə yönələn açıq çağırışlar ittihamı ilə qaldırılıb. Dövlət əleyhinə yönələn açıq çağırışlara 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür. Eyni əməl təkrar və ya bir qrup şəxsin iştirakı ilə törədildikdə 5 ildən 8 ilədək müddətə, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
1980-ci ildə doğulan Elvin İsayev uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb, bir müddət həmin ölkənin vətəndaşı olub.
Baş Prokurorluğun 8 sentyabr 2020-ci il məlumatında qeyd olunub ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Azərbaycan vətəndaşları Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Youtube” və “Facebook” sosial şəbəkələrində hakimiyyətin zorla ələ keçirilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlədib, Azərbaycan vətəndaşlarını hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərməklə kütləvi iğtişaşlara və zorakılıqlar etməyə çağırıb.
Məlumata əsasən, Elvin İsayev qabaqcadan əlbir olan bir qrup şəxsin hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etməsi və qabaqcadan əlbir olan bir qrup şəxsin təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində cinayət işi ayrıca icraata ayrılıb, Nəsimi Rayon Məhkəməsi onlar haqda həbs qətimkan tədbiri seçilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin İnterpolun Milli Mərkəzi Bürosuna təqdimat göndərilib”.