Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya sistemində yeniliklər anonsu verib. Sentyabrın 17-də yayılan rəsmi məlumata görə, pensiya qanunvericiliyində bu istiqamətlər üzrə dəyişikliklər nəzərdə tutulur:
– pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi;
– ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi;
– ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi;
– əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması;
– pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi.
Novator.az bildirir ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manat müəyyən olunub.
Qanuna görə, əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.
Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğdir.
2020-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının 2019-cu ildəki artım tempinə uyğun olaraq 16,6 faiz artırılıb. Bu ilin yanvar-iyul aylarında orta əməkhaqqında 21,7 faiz artım qeydə alınıb.
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.