Qarabağ müharibəsi veteranı, hüquqşünas Yavər Hüseyn Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
Yavər Hüseyn 1961-ci ildə Şuşa şəhərində doğulub. Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix fakültəsini və Moskva Hüquq Akademiyasını bitirib.
Milli azadlıq hərəkatının (1988-1991) fəalıdır. Şuşa özünümüdafiə ərazi taborunun qərargah rəisi olub. Azərbaycan Fədailər Ordusu adlı ictimai birliyin təsisçilərindəndir.
Vəkillər Kollegiyasının üzvüdür.
Novator.az-ın məlumatına görə, Rusiya prezidentinə məktubunda Yavər Hüseyn qeyd edir ki, azərbaycanlılar və ruslar bir dövlətin – Sovet İttifaqının vətəndaşları, bir ordunun – Sovet Ordusunun əsgərləri olub: “Bizim ata-babalarımız özlərinə ümumi vətən saydıqları torpaqlarda bir cəbhədə döyüşərək canlarını fəda ediblər, əsrlər boyu xalqlarımız dostluq ənənələrinə sadiq qalıb.
Mən Moskvada hərbi xidmət keçmiş və ali hüquq təhsili almışam, tələbəliyim zamanı Leninqrad mühasirəsini görmüş sadə bir rus ailəsində ailənin üzvü kimi yaşamışam və demək olar ki, həmin ailə ilə doğmalaşmışam. Bu baxımdan Moskvanı da özümə vətən sanmışam.
Mənim doğulub boya başa çatdığım Şuşa şəhəri də rus dostlarım üçün əziz və qiymətli idi. Onlar dəfələrlə Şuşa şəhərində ailəmizin qonağı olublar.
İndi həmin şəhər işğal altındadır və bu işğala göz yumulur. Axı nədən? Axı mənim və xalqımın günahı nədir? Ona görə ki, erməni deyil, azərbaycanlıyıq, xristian deyil, müsəlmanıq? Nə qədər acı da olsa, çox təəssüf ki, bu sualın başqa cavabı yoxdur. Axı dilimiz və dinimiz fərqli olsa da, Allahımız birdir, bir olan Allaha iman gətiririk. Həm xristianların, həm də müsəlmanların müqəddəs dini kitablarında insanlar doğru yola dəvət edilir, hansı dinə mənsub olmalarından asılı olmayaraq onlara münasibətdə humanizm və ədalət prinsipləri önə çəkilir, dilindən, dinindən və irqindən asılı olmayaraq zalıma qarşı çıxmaq, məzlumun isə yanında olmaq tövsiyə edilir. Belə olan halda nədən insanlara zalım və məzlum olduqlarına görə deyil, milli və dini mənsubiyyətlərinə görə ayrı-seçkilik qoyulur?”
Yavər Hüseyn Qarabağ müharibəsi iştirakçısı olduğunu vurğulayır: “Mən özgə torpaqlarının zəbt olunması, insanların doğma yurdlarından didərgin salınmaları üçün deyil, təcavüzə qarşı döyüşmüşəm. Dinc əhaliyə güllə atmamışam. Hətta döyüşdə əsir düşmüş və həlak olmuş qarşı tərəfin əsgərlərinə qeyri-insani davranış göstərməmişəm. Tarixi həqiqətdir ki, Azərbaycan xalqı təcavüzkar olmayıb və özgələrinin torpağına göz dikməyib. Ancaq danılmaz faktdır ki, Qarabağ müharibəsində Azərbaycan xalqı təcavüzə və soyqırımına məruz qalıb. Xocalı faciəsi bunun bariz nümunəsidir. Müstəqilliyini elan etdikdən sonra sərhədləri daxilində ərazi bütövlüyünə beynəlxalq müqavilələrlə təminat verilməsinə və BMT qətnamələri, digər nüfuzlu beynəlxalq təşkilatların qərarları ilə ərazilərinin işğalı faktının təsbit olunmasına və işğal altındakı ərazilərin boşaldılması tələblərinə baxmayaraq 30 ilə yaxındır təcavüzkara dur deyən yoxdur və ona himayədarlıq göstərilir. Heç kim üçün sirr deyil ki, Rusiya siyasi dairələrində də bu kimi meyillər var.
Cənab prezident, Siz teledebatların birində 12 yaşlı qızcığazın “Köməklik göstərilməsini xahiş etdikləri təqdirdə hansına birinci köməklik göstərərdiniz – Ukraynayamı, yoxsa Türkiyəyəmi” sualına cavab olaraq qətiyyətlə “Köməklik diləyi ilə müraciət edən hər kəsə köməklik etməyə hazırıq və dostcasına uzanan əli geri çevirmərik” fikrini ifadə etdiniz. Qarabağ torpağında sülhün, haqq və ədalətin bərqərar olması, millətlərarası düşmənçiliyə son qoyulması arzusu və diləyi ilə dostcasına əlimi Sizə uzadıram və ümid edirəm ki, verdiyiniz sözün üstündə duraraq əlimi geri çevirməyəcək və haqqın tərəfində dayanaraq Qarabağdan, o cümlədən Şuşa şəhərindən didərgin düşmüş insanların öz doğma yurdlarına qayıdıb əmin-amanlıq içərisində yaşamalarına yardımçı olacaqsıniz.
Mən milli münaqişə zəminində öz yaşadıqları yeri tərk etmək məcburiyyətində qalmış bütün əhalinin yurdlarına qayıtmasının, müharibə canilərinin isə ədalət məhkəmələrdə mühakimə olunmasının tərəfdarıyam və hesab edirəm ki, bu, millətlərarası düşmənçiliyin aradan qaldırılması və ədalətin bərqərar olması üçün ən vacib şərtdir”.
1988-ci ildən Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə ATƏT-in Minsk qrupu məsuldur. Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.