Sentyabrın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Rəsmi məlumata görə, nazir döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb, ali baş komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb.
Cəbhədəki son vəziyyətə toxunan müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan Silahlı Qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.
Nazir əsgərdən generaladək hər bir hərbi qulluqçunun torpaqların işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsinə hazır olduğunu vurğulayıb.
Ordudakı döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran nazir həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.