2021-2022 mövsümündən başlayaraq UEFA-nın üç klub turniri olacaq: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası.
Novator.az bildirir ki, gələn mövsüm Çempionlar Liqasında beş ələmə mərhələsi nəzərdə tutulur.
Klub reytinqində 52-55-ci yerlərdə olan UEFA üzvlərinin çempionları yarışa ilkin raunddan, 18-51-ci yerlərdə olanların (milli çempionatın keçirilmədiyi Lixtenşteyni çıxmaqla) çempionları birinci mərhələdən başlayır.
Klub reytinqində 15-17-ci yerdə olanların çempionları, 10-15-ci yerdə olanların gümüş mükafatçıları turnirə ikinci mərhələdən, 13-14-cü yerdə olanların çempionları, 5-6-cı yerdə olanların bürünc mükafatçıları, 7-9-cu yerdə olanların gümüş mükafatçıları üçüncü mərhələdən qoşulur.
Sıralamada 11-12-ci yerdə olanların çempionları yarışa dördüncü mərhələdən start verir.
1-4-cü yerdə olanların milli çempionatlarını ilk dörd sırada bitirən komandalar, 5-6-cı yerdə olanların çempionları və gümüş mükafatçıları, 7-10-cu yerdə olanların çempionları rəqiblərini qrup mərhələsində gözləyir.
Avropa Liqasında qrup mərhələsinə UEFA reytinqində 1-6-cı yerdə olanların kubok sahibləri, 1-4-cü yerdə olanların milli çempionatlarını beşinci sırada, 5-ci yerdə olanın milli çempionatını dördüncü sırada bitirmiş komandalar buraxılır.
UEFA reytinqində 7-12-ci yerdə olanların kubok sahibləri bir, 13-15-ci yerdə olanların kubok sahibləri iki ələmə mərhələsindən keçməlidir.
Çempionlar Liqasının ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən komandalar Avropa Liqasına transfer olunur.
Konfrans Liqasında qrup raunduna qədər dörd ələmə mərhələsi var.
Birinci mərhələyə klub reytinqində 30-55-ci yerdə olan UEFA üzvlərinin kubok sahibləri, 30-55-ci yerdə olanların (Lixtenşteyndən başqa) gümüş mükafatçıları, 29-50-ci yerdə olanların (Lixtenşteyndən başqa) bürünc mükafatçıları bilet alır.
İkinci raundda klub reytinqində 16-29-cu yerdə olanların kubok sahibləri və gümüş mükafatçıları, 13-28-ci yerdə olanların bürünc mükafatçıları, 7-15-ci yerdə olanların milli çempionatlarını dördüncü sırada bitirmiş komandalar, 6-cı yerdə olanın beşinci komandası çıxış edir.
Üçüncü mərhələyə klub reytinqində 7-12-ci yerdə olanların bürünc mükafatçıları, 6-cı yerdə olanın dördüncü komandası vəsiqə alır.
Dördüncü mərhələyə klub reytinqində 1-4-cü yerdə olanların milli çempionatlarını altıncı sırada bitirmiş komandalar, 5-ci yerdə olanın beşinci komandası buraxılır.
Çempionlar Liqasının ilkin və birinci mərhələlərində, Avropa Liqasının son iki mərhələsində ələnən komandalar Konfrans Liqasına köçür.
Reqlamentə görə, Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının qrup mərhələsində üçüncü yeri tutan komandalar Konfrans Liqasına ələnir.