Nəsimi Rayon Məhkəməsi sentyabrın 12-də diplomat Eldar Həsənovun girov müqabilində azadlığa buraxılması vəsatətinə baxıb. Vəkil Adil İsmayılov Eldar Həsənovun səhhətində problemlər olduğunu bildirərək belə vəsatət vermişdi. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib, Eldar Həsənov həbsdə qalıb.
Avqustun 13-də tutulan Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Həbs qətimkan tədbirini avqustun 14-də Səbail Rayon Məhkəməsi seçib.
Novator.az bildirir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları ilə açılan cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində araşdırılan işi çərçivəsində aparılıb, sonra həmin işdən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir.
1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulan Eldar Həsənov Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. 2020-ci il avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi