Baş Prokurorluğun İstintaq İdarəsi 14-15 iyul aksiyası üzrə cinayət işinin istintaqını tamamlayıb. Məlumatı Müdafiə Xətti hüquq müdafiə təşkilatı yayıb. İyulun 20-də yaradılan bu quruma hüquqşünas Rüfət Səfərov rəhbərlik edir.
Novator.az bildirir ki, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, 7 polis əməkdaşı bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
Müdafiə Xətti təşkilatının məlumatına görə, sentyabrın 11-də cinayət işinin istintaqı bitib. Təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin istintaq materialları, eləcə də maddi sübutlarla tanış olması sentyabrın 14-də başlayır. Bu proses bitəndən sonra cinayət işi məhkəməyə göndəriləcək.
37 nəfər təqsirləndirilən şəxs var, onların 36-sı barədə həbs qətimkan tədbiri seçilib, 1 nəfər polis nəzarətinə verilib.
Tutulanların 15-i AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarov, Müşviq Quliyev, Gündüz Mirzəyev.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
Həbs edilənlərin 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisidir: Tural Vəliyev, Kamil Mahmudov.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov da həbsdədir.
Qalan 18 məhbus bitərəf şəxslərdir: Səbuhi Mustafayev, Müşviq Vahabov, İlkin Əliyev, Elçin Məmmədov, Emin Hüseynzadə, Ramiz Babayev, Azər Məmmədov, Şəmsi Rəhimli, Siyavuş Mustafayev, Dəyanət Mövlayev, Vüsal Quliyev, Elçin Mehdiyev, İsmayıl Məmmədov, Fariz Məmmədov, Ariz İbadətoğlu, Taleh Məmişov, Ceyhun Məmmədov, Fərid Abadov.