Nazirlər Kabineti təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarını təsdiqləyib. Novator.az bildirir ki, xüsusi karantin rejimi çərçivəsində rəsmiləşən qaydalar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün təhsil müəssisələrinə (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) aiddir.
Sənədə görə, təhsil müəssisələrində əyani təhsil bərpa olunanadək tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) təşkili təmin edilməlidir. Təhsil müəssisələri tədris və təlim-tərbiyə prosesində əyani iştirakın könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalıdırlar. Əyani tədrisin təşkili müəssisələrin tipi (növü), təhsilalanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsilverənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmalıdır. Növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsində müəyyən edilməlidir.
Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.
Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.
Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə onların müəssisəyə daxil olmasına yol verilmir; təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir.
Təhsil müəssisələrində əyani tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar; təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) tədris edilən dərs yükü nəzərə alınır; tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanır.
Təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.
Təhsil müəssisələrində dərslər səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir; ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir; peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir.
Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti, eləcə də orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda dərsin müddəti 80 dəqiqə müəyyən edilir.
Dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir.
İnternat tipli ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.
Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Təhsil Nazirliyinin səlahiyyətindədir. Dövlət nəzarətini Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.
Azərbaycanın bütün təhsil ocaqları martın 3-dən koronavirus pandemiyasını cilovlamaq üçün qapadılıb.
Nazirlər Kabineti təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili tarixini belə müəyyən edib:
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – oktyabrın 1-dən;
ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – sentyabrın 15-dən;
ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – sentyabrın 15-dən;
xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – sentyabrın 15-dən;
ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – oktyabrın 1-dən;
ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – oktyabrın 1-dən;
ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – oktyabrın 15-dən;
peşə təhsili müəssisələrində qısamüddətli kurslar üzrə – oktyabrın 1-dən;
peşə təhsilinin bütün səviyyələri üzrə – oktyabrın 15-dən;
ali və orta ixtisas təhsili müəssisələrində I kurs tələbələri üçün – oktyabrın 1-dən;
II və yuxarı kurs tələbələri üçün siyahısı Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – oktyabrın 15-dən;
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq – sentyabrın 15-dən, oktyabrın 1-dən və ya 15-dən.
Təhsil nazirinin əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti həftədə 2 dəfə, digər şəhər və rayonlarda həftədə 3 dəfə isə əyani təşkil olunacaq. Dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant; V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant; X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formalarda başlayır. Valideynlərə övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim imkanı verilib.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 914 minə yaxın adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 22 nəfər koronavirusun qurbanı olub. Nazirlər Kabineti yanında operativ qərargahın rəsmi hesabatına görə, ümumilikdə 37874 yoluxanın 35269-u müalicə olunaraq sağalıb, 556-sı dünyasını dəyişib, 2049-u aktiv xəstədir.