İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununa görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsi Azadliq.info, Azadliq.org, Azerbaycansaati.com, Meydan.tv saytlarına girişə və “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyulub. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Saytlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklanıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciəti əsasında üz tutub.
“Azadlıq” radiosunun məlumatına görə, 2020-ci il sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi saytlarla bağlı işə yenidən baxıb. Qeyd olunur ki, 2017-ci ildə Elektron Təhlükəsizlik Mərkəzi təkcə Azadliq.info, Azadliq.org, Azerbaycansaati.com, Meydan.tv saytlarına girişə və “Azərbaycan saatı” televiziya proqramının yayımına deyil, sonradan həmin resurslara giriş imkanı verə biləcək internet saytlarına da blok qoyulmasını istəyib. Ancaq Səbail Rayon Məhkəməsi iddianın yalnız beş resursa aid hissəsini təmin edib. Eyni qərar apellyasiya instansiyasında və Ali Məhkəmədə də rəsmiləşib.
2020-ci il martın 19-da Ali Məhkəmənin Plenumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlavə kassasiya şikayəti əsasında bu məsələyə baxıb, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv olunub, iş təkrar araşdırılma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Qərarda göstərilib ki, bloklanan resurslar Səbail Rayon Məhkəməsinin qərarından yalnız özlərinə aid hissə ilə bağlı şikayət verib, amma Bakı Apellyasiya Məhkəməsi saytlara giriş imkanı verən resurslarla bağlı məsələyə də münasibət bildirib, Ali Məhkəmə isə həmin məqama diqqət yetirməyib.
2020-ci il sentyabrın 9-u Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak etməyib. Saytları təmsil edən vəkillər iddiaçı tərəf olmadan prosesin keçirilməsinə etiraz etsə də, hakimlər kollegiyası işə baxılmasını məqsədəuyğun sayıb.
Vəkillər bildiriblər ki, Ali Məhkəmə Plenumunun nazirliyin şikayəti əsasında məsələyə baxıb qərar verməsi qanunsuzdur, nazirlik Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il qərarından narazı qalmışdısa, əvvəlcədən apellyasiya şikayəti, Ali Məhkəməyə kassasiya şikayəti verə bilərdi, qanun bu hüquqi addımları atmadan Plenuma şikayətə yol vermir.
Hakimlər kollegiyası bloklanmış saytların 2017-ci ildə verdiyi apellyasiya şikayətinə yenidən baxıldığını və onun təmin olunmadığını elan edib.