Sentyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı yeni qərarını açıqlayıb.
Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla xəbər verir ki, qərar 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürüldüyü iddia edilən 31 yaşlı Turac Zeynalovun işi ilə bağlıdır.
Qərar Turac Zeynalovun atası Şuriyyə Zeynalovun şikayəti əsasında çıxarılıb. Şuriyyə Zeynalov şikayətində oğlunun Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində işgəncəyə məruz qaldığını, Azərbaycan dövlətinin onun oğlunun həyatını qoruya bilmədiyini, ölümlə bağlı təsirli araşdırma aparılmadığını bildirib.
Avropa Məhkəməsi Turac Zeynalovun işində yaşamaq hüququ və işgəncəyə məruz qalmamaq hüququnun pozulduğunu tanıyıb. Qərara əsasən, Azərbaycan hökuməti Şuriyyə Zeynalova mənəvi zərərə görə 35 min avro, xərc və məsrəflərə görə isə 2 min avro təzminat ödəməlidir.
Turac Zeynalov Culfa rayon sakini olub. O, 2011-ci il avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq dövlətə xəyanət ittihamı ilə saxlanıb və 4 gün sonra vəfat edib. Ailəsindən verilən açıqlamaya görə, Turac Zeynalov işgəncələrə məruz qaldığı üçün həyatını itirib.
Mediada Turac Zeynalovun işgəncə nəticəsində öldüyünü təsdiqləmək məqsədilə video və foto görüntülər də yayılıb.
Zeynalovlar ailəsinin üzvləri ölüm işinin araşdırılmasını tələb ediblər. Daha sonra onlar Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə, muxtar respublikanın və ölkənin prokurorluqarına, ombudsmana müraciət edərək araşdırmaya dair sənədlərin onlara verilməsini istəyiblər. Ancaq sənədlər ailəyə verilməyib. Rəsmi qurumların ailənin müraciətlərinə cavab olaraq göndərdiyi məktublarda Turac Zeynalovun hər hansı işgəncəyə, pis rəftra məruz qalmadığı, ağ ciyərindəki problemdən vəfat etdiyi bildirilib.
Turac Zeynalovun ailə üzvləri araşdırma ilə bağlı sənədlərin onlara verilməməsinin qanunsuz sayılması üçün məhkəməyə şikayət ediblər. Ancaq heç bir məhkəmə onların şikayətlərini qəbul etməyib. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi ailənin ərizəsini icraata qəbul etsə də, yekunda şikayət rədd olunub. Həmin qərardan Naxçıvan Ali Məhkəməsinə verilmiş şikayətə isə ümumiyyətlə cavab verilməyib. Hadisələrin gedişi zamanı Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin Zeynalovlar ailəsinə təzyiqləri güclənib, nazirlik rəsmiləri iki dəfə ailəni bu qurumu ləkələməkdə ittiham ediblər.
2015-ci ilin sonunda ölkədə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.