Oktyabrın 31-i Gürcüstanda parlament seçkisi keçiriləcək. 120 nəfəri proporsional sistemlə (partiya siyahıları üzrə), 30 nəfəri majoritar üsulla (dairələrdən) seçilən 150 yerlik parlamentə azı 76 mandatla düşən partiya hökumət qurmaq hüququ qazanacaq.
Müxalif Vahid Milli Hərəkat Partiyası və onun daxil olduğu “Güc birlikdədir” bloku baş nazirliyə sabiq prezident Mixail Saakaşvilini namizəd göstərib.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili Gürcüstan prezidenti postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında həbs hökmləri var.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi başqa ölkənin vətəndaşlığı göstərilib.
2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib.
2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.
2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub. Hazırda o, Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin başçısıdır.
Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili avqustun 27-də Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.
2012-ci və 2016-cı illərin parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edərək hökumət qurub. Vahid Milli Hərəkat Partiyası parlamentdə təmsil olunur.
Novator.az-ın məlumatına görə, sentyabrın 7-si axşam Gürcüstanın “Mtavari” televiziyası ilə seçicilərə səslənən Mixail Saakaşvili deyib ki, parlament seçkisinin nəticəsində baş nazir olsa, bu postda cəmi iki il qalmaq niyyətindədir: “Ölkəni bataqlıqdan xilas etmək üçün uzağı iki il kifayətdir”.
Sabiq prezident Gürcüstana qarşıdurmasız, dinc şəraitdə qayıtmaq niyyətində olduğunu vurğulayıb: “Hər şey dinc şəraitdə olmalıdır. Mən vaxtilə hakimiyyəti dinc şəkildə təhvil vermişəm və iğtişaşlarla qayıtmaq niyyətim yoxdur. Amma Gürcüstanı xilas etmək gərəkdir”.
Baş nazir vəzifəsini tutacağı təqdirdə görəcəyi işlərdən söz açan sabiq prezident məhkəmə və hüquq mühafizə sistemində islahatlar vəd edib, polisin və penitensiar orqanın rəhbərlərinin parlamentdə seçiləcəyini, Ali Məhkəməyə Avropa ölkələrindən hakimlərin dəvət olunacağını deyib.