Bu il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov, Anar Novruzov, baş leytenantı Rəşad Mahmudov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev, çavuşu Vüqar Sadıqov, baş əsgəri Elşad Məmmədov, əsgərləri Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və mülki şəxs Əziz Əzizov şəhid olublar.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı ilə AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarlı, Müşfiq Quliyev barəsində həbs qətimkan tədbiri seçilib, Elvin Məmmədov polisin nəzarətinə verilib.
Onlara Cinayət Məcəlləsinin 186, 233 və 315-ci maddələri ilə ittiham irəli sürülüb.
Fuad Qəhrəmanlı və Məmməd İbrahim həmçinin 278-ci maddə ilə ittiham olunublar.
186-cı maddə əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə; 233-cü maddə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə; 315-ci maddə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməyə görə; 278-ci maddə hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur.
Novator.az bildirir ki, istintaq orqanı 278-ci maddə üzrə ittihamı götürüb, işə 127-ci maddəni (Qəsdən sağlamlığa az ağır zərər vurma) əlavə edib.