Bloqçu Mehman Hüseynov sentyabrın 8-i İsveçrədə, Cenevrə Universitet Hospitalında xərçəng şişinin cərrahi yolla xaric edilməsi əməliyyatından keçir. Novator.az bildirir ki, məlumatı bloqçunun qardaşı Emin Hüseynov yayıb: “Ortancıl qardaşım İbrahimlə xəstəxanadayıq, əməliyyatın bitməsini gözləyirik. Ümid edirik Mehman bu çətin sınaqdan da çıxacaq, bundan əvvəl o, hospitalın onkoloji şöbəsində iki aylıq şüa terapiyası kursundan keçib”.
1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçudur, 2017-2019-cu illərdə həbsdə yatıb.
Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə Emin Hüseynova cinayət işi qaldırılıb. O, İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Emin Hüseynov iyunun 1-də Mehman Hüseynovun onkoloji xəstə olduğunu, İsveçrədə müalicəsinə 74 min frank lazım gəldiyini bəyan edib. Bu çağırış əsasında internetdə yardım kampaniyası keçirilib.