Bakıdakı 14-15 iyul aksiyasına görə tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə ittihamlarda dəyişiklik var.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu aksiyaya görə cinayət işi aparır. Barələrində həbs qətimkan tədbiri seçilən 14 AXCP üzvü və polisin nəzarətinə verilən 1 fəal zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
Həbsdə olan Məmməd İbrahimə və Fuad Qəhrəmanlıya həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.
Məmməd İbrahim iyulun 26-da tutulub. İyulun 28-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü, 278.1-ci və 315-ci maddələri ilə ittiham olunub.
186.2.1-ci maddəyə əsasən, əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
233-cü maddəyə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
315-ci maddə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
278.1-ci maddəyə əsasən, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası düşür.
Məmməd İbrahimin vəkili Əsabəli Mustafayev sentyabrın 7-də Novator.az-a deyib ki, istintaq orqanı cəbhəçinin üzərindən 278.1-ci maddə üzrə ittihamı götürüb, ona 127.2.1 maddə ilə yeni ittiham irəli sürüb. Bu maddəyə görə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.