Mərkəzi Bank sentyabrın 7-də ABŞ dollarının kursunu 1,7 manat saxlayıb. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 30-cu ayı – iki il altı ayı tamam olub.
2015-ci il fevralın 21-də və dekabrın 21-də rəsmiləşən iki devalvasiya nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi kurs 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 3,7 milyon dollar məbləğində vəsait satıb. Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar, mayın hərraclarında 334 milyon dollar, iyunun hərraclarında 373,2 milyon dollar, iyulun hərraclarında 515,5 milyon dollar, avqustun hərraclarında 478 milyon dollar sərf edib.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.
Mərkəzi Bankın rəsmi hesabatına görə, sentyabrın 1-nə ehtiyatın həcmi 6 milyard 483,9 milyon dollar olub. 2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb. Səkkiz ayda 225,9 milyon dollarlıq artım qeydə alınıb.