Haqq-Ədalət Partiyası sədrinin köməkçisi, qurumun İdarə Heyətinin üzvü Rəşad Abbaslıdan hələ də xəbər yoxdur.
Rəşad Abbaslı sentyabrın 5-i Bakıda tutularaq naməlum istiqamətə aparılıb. Saxlanan andan onun mobil telefonu söndürülüb.
Partiya sədri Əli İnsanovun bəyanatına görə, Rəşad Abbaslı saat 14 radələrində evdən çıxıb onunla görüşə gələrkən yoxa çıxıb. Şahidlərin dediklərinə əsaslanan Əli İnsanov bildirir ki, Rəşad Abbaslını evdən çıxarkən mülki geyimli şəxslər zorla avtomobilə otuzdurub aparıb. Mülki geyimli şəxslərin evin həyətinə üç minik avtomobili ilə gəldiyi qeyd olunur.
Daxili İşlər Nazirliyinə müraciət olunduğu, Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin araşdırma apardığı vurğulanır.
Əli İnsanov Rəşad Abbaslını hansısa təşkilatın tutduğunu güman edir.
Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli sentyabrın 7-də Novator.az-a deyib ki, hələ də Rəşad Abbaslıdan soraq yoxdur: “Onu kimlərin, hansı təşkilatın tutduğu, hara apardığı bilinmir. Qanuna görə, hüquq mühafizə orqanı vətəndaşı 48 saatdan artıq saxlaya bilməz. Bu müddətin bitməsinə az qalır, ancaq hələ də Rəşad Abbaslıdan bir xəbər ala bilmirik”.
Rəşad Abbaslı ali təhsilli mühəndis, 3 azyaşlı uşaq atası, Füzuli rayonundan məcburi köçkündür.
Haqq-Ədalət Partiyası (HƏP) 2019-cu il noyabrın 24-də elan olunub. 2020-ci il yanvarın 25-i Bakıda təsis konfransı keçirilib, sabiq səhiyyə naziri Əli İnsanov sədr seçilib.
Qurumun 46 rayon və şəhərdə yerli təşkilatı var.
Partiyanın rəsmi dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunub.
1946-cı il təvəllüdlü Əli İnsanov hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. Səhiyyə naziri vəzifəsində 1993-2005-ci illərdə çalışıb. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Tibb elmləri doktorudur.
2005-ci ilin oktyabr ayından 2019-cu il martın 17-dək həbsdə yatıb.