Pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlətin verdiyi subsidiyalar qüvvədə qalır. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov belə açıqlama verib.
Nazirlər Kabineti pambıq, tütün, barama istehsalı və arıçılıqla məşğul olan şəxslərə subsidiya verilməsi qaydalarını ləğv edib. Novator.az bildirir ki, qaydalar istehsalçılara xam pambığın hər kiloqramına (kondisiya çəkisində) görə 10 qəpik; quru tütünün hər kiloqramına, yaş tütünün hər 10 kiloqramına görə 5 qəpik; bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat; arıçılıqla məşğul olanlara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 manat subsidiya nəzərdə tutub.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov açıqlamasında qeyd edib ki, prezident İlham Əliyevin 27 iyun 2019-cu il fərmanı ilə bitkiçilik və heyvandarlıq üzrə 6 növ subsidiya üzrə ödənişlər bu il yanvarın 1-dən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir: “Fermerlərə subsidiya verilməsinə dair Nazirlər Kabinetinin əvvəlki qərarları, mövcud hüquqi-normativ aktlar həmin fərmana uyğunlaşdırılır. Bu il dövlət payızlıq əkinlərə görə subsidiyaların ödənməsini həyata keçirib, digər kateqoriya subsidiyaların, o cümlədən arıçılığa görə subsidiyaların ödənməsi davam edir.
Aqrar Subsidiya Şurasının 2 sentyabr 2019-cu il qərarına əsasən, fermerlərə emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə 100 manat, təhvil verilən yaş tütünün hər tonuna görə 50 manat məhsul subsidiyası verilir.
Fermerlərə pambıq sahələrinin hər hektarına görə 220 manat, tütün sahələrinin hər hektarına görə 280 manat əkin subsidiyası ödənir.
Arıçılar təsərrüfatları arı ailələrinin hər birinə görə 10 manat subsidiya alırlar. Dövlət qəbul məntəqələrinə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə kümçülərə 5 manat subsidiya düşür”.