Sabiq müdafiə naziri Rəhim Qazıyev sentyabrın 4-də ev dustaqlığına buraxılıb. APA-nın məlumatına görə, qərarı Səbail Rayon Məhkəməsi vəkilin vəsatəti əsasında çıxarıb.
Rəhim Qazıyevi bu ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tutmuşdu. O, Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə təqsirli bilinir.
Rəsmi məlumata görə, iyulun 12-si və 13-də Rəhim Qazıyevin sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sərhədindəki döyüş əməliyyatları və hadisələrin mahiyyəti barədə məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan xəbərlər yaydığına, ölkənin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər etdiyinə, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlara yol verdiyinə əsaslı şübhələr üzə çıxıb.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları Namiq Əhmədov, Anar Novruzov, baş leytenantı Rəşad Mahmudov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev, çavuşu Vüqar Sadıqov, baş əsgəri Elşad Məmmədov, əsgərləri Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov və mülki şəxs Əziz Əzizov şəhid olublar.
Novator.az bildirir ki, 1943-cü il təvəllüdlü Rəhim Qazıyev xalq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ilin yanvar qırğınından sonra həbs edilib. Həmin il həbsdən buraxıldıqdan sonra Azərbaycan parlamentinin üzvü seçilib.
1992-ci il martın 17-dən Azərbaycanın müdafiə naziri, mayın 18-dən eyni zamanda baş nazirin birinci müavini olub. 1993-cü fevralın 20-də bu vəzifələrdən çıxarılıb. Həmin ilin noyabrında həbs edilib, 1994-cü ilin sentyabrında həbsdən qaçırılıb, 1995-ci ildə qiyabi ölüm cəzasına məhkum edilib, 1996-cı ildə yenidən tutulub, 1998-ci ildə cəzası ömürlük həbsə, 2003-cü ildə 15 il həbsə dəyişdirilib. 2005-ci ildə əfv olunub.