İmaməli Rəhman yenidən Tacikistan prezidentliyinə namizəd olur. Novator.az-ın məlumatına görə, qərar dövlət başçısının sədrlik etdiyi Xalq Demokrat Partiyasının 3 sentyabr qurultayında çıxarılıb.
Prezident seçkisi oktyabrın 11-də keçiriləcək.
İmaməli Rəhman 1952-ci il oktyabrın 5-də doğulub. İqtisadiyyat üzrə ali təhsili var.
1992-ci il noyabrın 19-da Tacikistan parlamentinin sədri postuna gətirilən İmaməli Rəhman həmin gündən dövlət başçısıdır. 1994-cü ildə 5 il müddətinə, 1999, 2006, 2013-cü illərdə 7 il müddətinə prezident seçilib.
1999-cu ildə İmaməli Rəhmana Tacikistan Qəhrəmanı fəxri adı, 2015-ci ildə Millətin Lideri statusu verilib.
2016-cı ildə İmaməli Rəhman qeyri-məhdud sayda prezident seçilmək hüququ alıb.
9 övlad atası olan İmaməli Rəhmanın 1987-ci il təvəllüdlü oğlu Rüstəm İmaməli 2017-ci ildən paytaxt Düşənbənin meridir.
İmaməli Rəhman keçmiş SSRİ məkanında ən stajlı dövlət başçısıdır.
Liderlər qrupunda daha dörd nəfər var. Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidenti kürsüsündədir. 2000-2008-ci illərdə Rusiya prezidenti olmuş Vladimir Putin 2012-ci ildən yenidən bu postdadır. İlham Əliyev 2003-cü ildən Azərbaycanın, Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildən Türkmənistanın prezidentidir.