2020-ci il yanvarın 25-i Bakıda Haqq-Ədalət Partiyasının (HƏP) təsis konfransı keçirilib, sabiq səhiyyə naziri Əli İnsanov sədr seçilib.
Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli sentyabrın 4-də Novator.az-a deyib ki, hazırda qurumun 46 rayon və şəhərdə yerli təşkilatı var: “Yaxın günlərdə daha 5 yerli təşkilatın təsis olunması gözlənir”.
Ali Məclis sədrinin sözlərinə görə, HƏP-in Bakıda müvəqqəti qərargahı var, daimi mərkəzi qərargahın olması yönündə iş aparılır: “Partiyanın rəsmi dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunub. Bürokratik və müəyyən anlamda siyasi mahiyyətli səbəblərdən qeydiyyat ləngidilir, amma bu işə məsul edilmiş işçi qrupumuz fəaliyyətdədir”.
Azərbaycanda siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 61 partiyanın dövlət qeydiyyatı var. 1992-ci ildə 10 partiya, 1993-ci ildə 8 partiya, 1994-cü ildə 5 partiya, 1995-ci ildə 7 partiya, 1998 və 1999-cu illərin hər birində 3 partiya, 2000-ci ildə 2 partiya, 2002-ci ildə 4 partiya, 2005-ci ildə 8 partiya, 2007-ci ildə 2 partiya, 2008, 2009 və 2011-ci illərin hər birində 1 partiya rəsmiləşib.
2020-ci ildə 6 partiya dövlət qeydiyyatına götürülüb.
1946-cı il təvəllüdlü Əli İnsanov hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. Səhiyyə naziri vəzifəsində 1993-2005-ci illərdə çalışıb. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Tibb elmləri doktorudur.
2005-ci ilin oktyabr ayından 2019-cu il martın 17-dək həbsdə yatıb. 2019-cu il noyabrın 24-dən HƏP-in təşkilat komitəsinə rəhbərlik edib.
İlkin Nizami