Sentyabrın 2-si Bakıda Yunanıstanın yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən prezident İlham Əliyev bu ölkədən narazılıqları dilə gətirib: “Son bir neçə il aramızda çox aşağı səviyyəli əməkdaşlıq illəridir. Əvvəlki vaxtlarda daha fəal təmaslarımız olub. Mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, baş nazir səfərdə olub.
Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb. Bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Hazırda bizim aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur”.
Novator.az bildirir ki, 2015-ci ilin yanvar ayından Yunanıstanda radikal solların SİRİZA Partiyası hakimiyyətdə olub, Aleksis Sipras baş nazirlik edib.
2019-cu il iyulun 7-də keçirilmiş növbədənkənar parlament seçkisini Yeni Demokratiya Partiyası udub, baş nazir postuna bu qurumun lideri Kiriakos Mitsotakis keçib.
Yunanıstanın yeni səfiri ilə 2 sentyabr görüşündə İlham Əliyev deyib ki, iki ölkənin əməkdaşlığına mənfi təsir göstərən bir neçə məsələ olub: “Onlardan biri Yunanıstanın qaz şirkəti DESFA ilə əlaqədardır. Bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında DESFA-nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq baş naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və DESFA-ya sahib olmaq hüququ qazandı. Bu, Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi.
Təxminən 6 il bundan əvvəl Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi planlaşdırırdıq və düşündük ki, Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi.
Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın baş nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, əlaqələrimizə ciddi təsir etdi”.
Dövlət başçısı Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqdan da narazılıq ifadə edib: “Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.
Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanıb və etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb.
Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb.
Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqeni mənim göstərişimlə Azərbaycan hökuməti rəsmən açıqlayıb. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.